- Sən bilən, indi Amerikada günün hansı vaxtı olar?
Növbətçi İsa:
- Səhərdi. dedi.
Çərkəz kişi yenə dilləndi:
- Sən bilən, indi o Amerikada hansı günün səhəridi? Bu günkü günün səhəridi, ya sabahkı günün?..
Növbətçi İsa dönüb ehtiyatnan Çərkəz kişinin gözünün içinə baxdı. Çərkəz kişi eləcə, gözlərini qıyıb dayanmışdı, cavab gözləyirdi.
Və növbətçi İsa:
- Dünənki günün səhəridi. - dedi.
Çərkəz kişi:
- Bəəlii!.. dedi, - Deməli, bu gecə ki var, içində bu dəqiqə biz oturmuşuq, bu gecə Amerikaya hələ sabah gedib çıxacaq da?!.
Növbətçi İsa bir az fikirləşib:
- Elədi. - dedi.
- Deməli, bu dəqiqə bir yaxşı samalyota minib uçsaq Amerikaya, bu gecəni sabah gedib orda haxlaya bilərik də?
Növbətçi İsa bir az fikirləşib:
- Elədi. - dedi.
- Çox gözəl! Tutalım ki, samalyotnan getmişik, həmin bu gecəni sabah Amerikada haxlamışıq, oturmuşuq içində. Yaxşı, bəs onda Amerikaya baxanda yenə bu dünyada bir elə ölkə olarmı ki, orda hələ dünənki günün səhəri olsun?
Növbətçi İsa yenə fikirləşdi, dedi:
- Olar.
- Deməli, sabah Amerikadan da bir samalyota minib həmin ölkəyə uçsaq, bu gecəni həmin ölkədə gedib yenə haxlaya bilərik də?
Növbətçi İsa bu dəfə bir az çox fikirləşdi, amma axırda yenə:
- Hə. - dedi.
Və birdən Çərkəz kişi səsini qaldırdı:
- Onda belə çıxır ki, bir yaxşı samalyotumuz olsa, elə ömürbillah bu gecəni qovub-qovub heç əldən buraxmarıq ki... Elə deyil?!
Növbətçi İsa dinmədi.
- ...deməli, ölüncə elə bu gecənin içində qalarıq da?!.