Heç Çingiz xanı hər hansısa əsərdə kənar obraz kimi düşünmüşdünüz? Ya qədim türk tayfası olan Qarluq xaqanının oğlunun hekayəsinin Çingizin qəddarlığının siması ola biləcəyini təsəvvür edərdiniz? İnsan taleləri müharibələrin əsl üzüdür.
Qarluq elinin varisi, xaqan Satuk bəyin oğlu Çağrının özündən çıxıb özünə yol aldığı, dəliqanlı gəncdən kamil mənə çatdığı bir yolu izləyirik.
Mən daim qədim mifalogiyalarını sevən bir oxucu kimi türk xalqlarının mifalogiyalarını oxumaq çox maraqlı və həyəcanverici idi.
Tarixi motivlər əsasında yazılmış roman müharibənin başqa üzünü göstərməklə yanaşı, bir şəxsin öz daxili səyahətini, onun keçdiyi yolları, şəxsiyyətin formalaşma mərhələlərini özündə çox gözəl məharətlə ehtiva edir.
Kitabı normal sürətimdən daha yavaş oxudum. Başda düşünürdüm ki, bu təsvirlərin çoxluğundan, ya da tarixi əsər olmasından qaynaqlanır. Bitirdikdə mənə aydın oldu ki, bunun əsas səbəbi müəllifin əsərdə bəhs etdiyi özfərqindəlik mövzusunun son 2ildə məninmaraqlandırmasıdır. Bəlkə də beynim hər cümləni daha dərindən analiz edir, araşdırır və öz fikirlərimlə qarşılaşdırırdı.
Mən daim düşünürəm ki, dəyişmək, inkişaf etmək istəyənə daim işarələr, “müəllimlər/mentorlar” tapılır. Odur ki, Çağrı daim ona dəstək olacaq, düz yolu göstərəcək insanları tapır, işarələri oxuyur və ona lazım olan nəticəni çıxarır.
Spoiler vermədən Çağrının adının onun hekayəsinə böyük təsiri olduğunu da qeyd etmək istəyirəm.
Romanda yuxuların da təsirindən danışılır. Roman bir-birindən gözəl hekyələr, rəvayətlər və misallardan yoğrulub. Müəllif özünü hekayə danışmaq bacarığını romana çox məharətlə köçürüb.
Mənim üçün xüsusi mənası olan Simurq quşu da personajlardan biridir.
Müəllifə uğurlar arzulayıram!