"Biri məni anlasın, biri məni hiss etsin..."
İnsanlar çox vaxt anlaşılmaq istəyir. Bütün səylərimizin, sözlərimizin, hətta susqunluqlarımızın kimsə tərəfindən görülüb dərk olunmasını arzulayırıq. Bu istək o qədər dərindir ki, bizi daim başqalarına yönəldir. Dostluqlarda, sevgidə, ailədə, iş mühitində anlaşılmaq üçün çırpınırıq. Bir baxıma, hər birimiz içimizdə daşıdığımız pıçıltıları kimsə ucadan səsləndirsin deyə birini gözləyirik. Amma işin gülməli tərəfi odur ki, çox vaxt özümüz belə özümüzü anlamırıq. Necə düşünürük, niyə belə davranırıq, nədən qorxuruq, nəyə həqiqətən ehtiyacımız var? Bu sualların qarşısında çaşıb qalırıq.
Özünü anlamayan insan, başqası tərəfindən anlaşılmağa möhtac olur. Məncə, bu bir növ şüuraltı çarəsizlikdir yəni, mən özümü anlamıram, bəlkə, bir başqası məni anlaya bilər. Lakin insan həqiqətən özünü dərk etməyə başlayanda, başqası tərəfindən başa düşülmək ehtiyacı da solğunlaşır. Çünki o zaman axtarış istiqamətini dəyişir. Artıq özünün varlığını sübut etmək üçün başqasının gözlərinə möhtac olmursan. Əksinə, insan özü ilə barışdıqca və özünü tanıdıqca, başqalarının onu tam başa düşməsinin qeyri-mümkün olduğunu da qəbul edir. Çünki insan elə bir məxluqdur ki, daim dəyişir, böyüyür, çevrilir. Və bu dəyişimin hər bir detalı, yalnızca onun özünə aiddir.
Özünü dərk edən insan, təkliyindən qorxmaz. Başa düşülmək üçün deyil, anlamaq üçün yaşayar. Başqalarının təsdiqinə ehtiyac duymaz. İnsanın əsl azadlığı da məhz buradadır: özünü başa düşmək və başa düşülməyə möhtac qalmamaq.