Bad əssə söndürməz, qaralıb keçməz,
Yağ olsa əzəldən çıraq içində.
Səxalı mərd daldalamaz çörəyin,
Göz açıb böyümüş qonaq içində.
Yoxsul olan qalıb dərd ilə, qəmdə,
Bir dada yetişən ola bu dəmdə.
Kimi can çürüdür qurumlu damda,
Kimi dövran sürür otaq içində.
Birinə zülm olur, birinə barat,
Birisi zülümdə, birisi azad.
Biri atlas geyib gəzər qəlbi şad,
Biri ölər köhnə yamaq içində.
Qəza-qədərinə insan neyləsin?
Tutulmaz sözünü kimi var, desin?
Birisi tapammaz - yavan cad yesin,
Birisi bal əmir qaymaq içində.
Şəmşir, ad ucaldan səxavət olar,
Yoxsulluq, ayrılıq qiyamət olar,
Bu şeylər insana düz adət olar:
Göz görə, söz qala qulaq içində.