Mənə "Xoşbəxtliyi təsvir et" desəydilər, "Xoşbəxtlik insanın daxilindədir, kənardan təsdiqə ehtiyacı yoxdur", deyərdim. "Bütün xoşbəxt ailələr bir-birinə bənzəyir, bədbəxt ailələrin isə hərəsi bir cür bədbəxtdir", deyir Tolstoyun "Anna Karenina" romanının ilk cümləsi. Buna "Bədbəxt ailələr və hər şeydən əvvəl bədbəxt ər-arvadlar heç vaxt bədbəxtliyin öhdəsindən təkbaşına gələ bilməzlər" fikrini əlavə edərdim. Bədbəxtlik daim özünə yoldaş axtarır. Bədbəxtliyin susqunluğa dözümü yoxdur, ələxüsus da tənha vaxtlarda başının üstünü kəsdirib narahatlıq doğuran susqunluğa.