Lissabon Gecəsi” – Sevgidə itmək, amma heç peşman olmamaqdır.
Remarkın Lissabon Gecəsini oxuyanda, bir anlıq özümü o limanda hiss etdim. Həmin qaçaq adamların arasında, sənədsiz, kimliksiz, tək… Amma bütün o qaranlığın içində bir sevgi var idi – sakit, utancaq, dərindən gələn… Josef və Helenin sevgisi.
Əsəri oxuyanda düşündüm ki, bəzən insan təkcə yaşamaq üçün yox, sevmək üçün də qaçır. Josef qaçırdı – ölkəsindən, adından, keçmişindən. Amma Helenə tərəf qaçırdı. Helen isə sanki heç hara getmirdi. O, sadəcə qalırdı. Qalırdı Josefin yanında, gözlərində, nəfəsində.
Josef Schwarz, ölümə, izlənməyə və unudulmağa məhkum edilmiş bir alman qaçqınıdır. O, saxta kimliklərlə, keçidlər və sərhədlərlə dolu bir həyat sürür. Onun yeganə işığı isə Helen olur – gözəl, zərif, sakit, amma içində müharibənin ağrılarını daşıyan bir qadın. Helen – yalnız sevdiyi kişi ilə birlikdə ola bilmək üçün hər şeyini riskə atan bir qadındır. O, alman olmasına baxmayaraq, rejimə tabe olmaq əvəzinə sevgini, yoldaşlığı və fədakarlığı seçir.
Helen məni çox təsirləndirdi. Qadın olmaq bu qədər çətin, bu qədər güclü və bu qədər səssiz ola bilərmiş… Onun fədakarlığı, alicənablığı – hər şeydən çox dəyərliydi. O, sevirdi. Və sevdiyinə görə hər şeydən keçməyə hazır idi. Özünü belə qurban verdi, xəstəliyini ölən günə kimi gizlədi.
Ən çox yandıran da bu idi – Helen heç nə demirdi. O, sadəcə sevir və hər şeyini bu sevgi üçün verirdi. Amma gözlərindəki acı, hər səssiz hərəkətindəki sarsıntı bu fədakarlığın nə qədər ağır olduğunu göstərirdi. O, özünü qurban verirdi, amma heç vaxt buna görə narazılığını ifadə etmirdi. Sevgi, bəzən özünü tamamilə itirməkdir, amma bir an belə bu itkiyə peşman olmamaqdır.
Josefin hekayəsi, əslində bir insanın bütün həyatını bir gecəyə sığdırmasıdır. Lissabonun limanında, bir yad