İnsan da filə görə ağlayar? Mən ağladım.
Filin, filbanın və memarın dərs verdiyi, dərs gördüyü kitabdır bu. Hər üçü də nicə sultanların taxtdan düşdüyünü, taxta keçdiyini görüb. Kimlərə-kimlərə birgə məscidlər tikiblər. Zaman-zaman cəlladın qapısından bircə sözlə xilas olublar.
Sultan Süleyman, Səlim, III Murad kimi baba, oğul, nəvə sultanlar görüb Cahan. Adı kimi yaşamayıb, amma adı kimi həyatlar görüb. O həyatlara bələd olanların ən yaxınında olub. Sevdiyi qız bir cahana yox, iki cahana sahib olduğundan ona qismət olmayıb.
Memarbaşı Sinan və kalfaları, şagirdləri Nikola, Davud və Yusifin arasına qatılıb. Memar Sinanın özü ilə birgə bu dörd şagirdi niyə seçdiyini isə daha sonralar öyrəndi Cahan.
Cahan, istər fil, istərsə də ustası, müəllimi memar Sinandan çox şey öyrəndi. Tək öyrənmədi, öyrənərkən biz də öyrəndik. İndi məndən soruşsanız Cahan kimdir?
"İki cahana sahib qızı bir cahanlıq canı ilə min cahan sevən, intiqam hissini heç vaxt bilməyən və səksəninə gəlsə belə hələ də dəliqanlı olan oğlan!" deyərəm.
Cahan və memarbaşı Sinan Osmanlıda bir gün görmədilər, amma ümid edirəm ki, o biri dünyada firavandırlar.
Həmçinin, kitabda Osmanlını oxuduqca dualar etdim ki, nə yaxşı mən o dövrdə yaşamamışam. İndi başa düşürəm ki, niyə nə Osmanlının divarlarından cahillik axan küçələri, nə də Osmanlı sarayının təkəbbürdən boğulan Sultanları Cahanla Memar Sinan tərəfindən bəyənilməmişdi.
Xülasə, nə Cahan, nə ağ Çota, nə Balaban, nə də Memarbaşı Sinan yadımdan çıxmayacaq. Kitabda bir kitab tövsiyəsi də vardı: Dante-İlahi komediya.