İnsanın qorxuları mütləq özündəki çatışmazlıqdan qaynaqlanır. Yola çıxan səyyahın qorxusu tanımadığı yol və uğursuz səfərlə bağlı olar. Yanacağı bol, qaçaq mal aparmayan, getdiyi yerdə yaşayacaq yeri olan birisi niyə qorxsun ki?!
Dünyanın yaxşı və pislər arasında gedən mübarizə meydanı olaraq seçildiyinə əminəm. Bu mübarizə meydanında cəbhəni seçmək insanın əlindədir. Bütün əxlaq nəzəriyyələri və dinlər bu nöqtədə birləşirlər. Hə, bəzən görürük, insan daha çox şey əldə etməyə can atır. Elə bilir ki, nə qədər maddi həzz yaşasa, o qədər çox xoşbəxt olacaq. Bütün ömrünü maddiyyat uğrunda xərcləyir, ancaq gəlib elə bir nöqtədə ilişir ki, əlindəki bütün maddiyyatı qoysa da, yenə özünü ondan qopara bilmir. Çünki insanoğlu mənəvi ehtiyaclara məhkum olan maddi varlıqdır. Maddi varlığı ona bir vasitə olaraq bəxş olunub. Bəs insan nə edir? Əksinə, bütün mənəviyyatını qurban verir ki, maddiyyata qovuşsun. Çünki hisslərinin öhdəsindən gələ bilmir, qəzəblənir. Bəs qəzəbin öhdəsindən necə gələcək? Cavabı bilmir, bəzən isə bildiyini zənn edir. Qəzəbin nəticəsi olaraq müharibə edir. Halbuki müharibə zərurətdən yox, ehtiyacdan doğmalıdır. Deyəcəksən necə? Sənin torpağına hücum ediblər, nə etməlisən? Əlbəttə ki, qalxıb özünü müdafiə etməlisən.
Yadında saxla, əgər qəlbimizdə ötkəmlik yoxdursa, cismimiz qala da olsa, bir işə yaramaz. Bax, həyat iki zolaqdan ibarətdir. Pislər və yaxşılar. Hər kəs zolağını özü seçir. Biz yaxşılardan olacağıq. Hə, pislər də sakit durmayacaqlar, onlar da bizə nələrsə edəcəklər, amma biz uduzsaq da, bilməliyik ki, bu, müvəqqətidir. Yenə döyüş başlayacaq, yenə qələbə olacaq. Bu mübarizə həmişə var, əsas məsələ – bizim hansı cəbhədə olmağımızdır. Hə, bu, bir az çətin olacaq, ancaq olanda yaxşı olacaq. Qələbənin zövqü bir başqa olur.