Yazar depressiyanı və bu halı yaşayan insanların hisslərini öz şəxsi təcrübəsinə əsasən çox real və təsirli şəkildə izah edib. Mən də bu kitabı məhz həmin çətin “dönəmlərdə” oxumağa başlamışdım. Bəzən elə gəlirdi ki, sanki yazar mənim duyğu və düşüncələrimi qələmə alıb. Amma kitabı tamamlamağı yalnız özümü yaxşı hiss etdiyim vaxtlarda bacardım.
Əvvəlki hissələr mənə bir az uzun və yorucu gəldi. Düzdür, müəllif yaşadıqlarını detallı təsvir edir, amma bu bəzən çox uzadılmış təsir bağışlayır. Məncə bu hissə uğurlu alınmayıb. Xüsusilə də depressiyada olan insanlar üçün uzun-uzadı təsvirlər daha da sıxıcı ola bilər. Oxuyarkən tez-tez “görəsən nə vaxt sağ qalmaq üçün səbəblərdən danışacaq?” deyə düşündüyümü xatırlayıram.
Ümumilikdə kitab haqqında fikrim müsbətdir. Sadəcə olaraq, hisslərin uzun təsvirinə bu qədər yer ayrılmasındansa, müəllifin depressiyanı necə aşdığına daha geniş diqqət yetirilməsi daha faydalı olardı.
Kitabda ən çox xoşuma gələn məqam isə müəllifin həyatındakı sevgi dayağı idi. O çətin illərdə sevgilisi (indiki həyat yoldaşı) Andrea Semple hər zaman onun yanında olub və onu tək buraxmayıb. Bu, mənim üçün kitabın ən dəyərli mesajlarından biri idi: sevgi bəzən ən güclü “dərman”dır.