Oruc Amin – “Azel”
Müəllifdən artıq üçüncü kitabı oxuyuram. Yazıçı daha çox nağıl tərzinə üstünlük versə də, bu kitablar sadəcə uşaqlar üçün deyil məncə. Mən deyərdim ki, kitabların hər üçündə də böyüklərin də görüb-götürəcəyi, öyrənəcəyi çox şeylər var. Hər üç kitabda da hiss etdiyim ortaq cəhət odur ki, müəllif dostluq, sədaqət və sadiqlik mövzularını çox gözəl qələmə alır.
"Azel" kitabında hadisələr həşəratların dilindən danışılsa da, oxuduqca öz həyatından, öz dostlarından nəsə tapırsan. İki parabüzənin - Azel və Gülcənin arasındakı o bağlılıq, bir-birini nəyin bahasına olursa-olsun yarı yolda qoymamaları insana qəribə təsir edir. Düşünürsən ki, insanların edə bilmədiklərini həşəratlar edir.
Kitabın bəzi hissələrini "Qağayı Conatan Livinqston" kitabına bənzətdim. Oradakı kimi, burada da ümidini itirməmək, xəyalların ardınca getmək və ətrafın mənfi rəylərinə qulaq asmadan öz yolunla davam etmək fikri irəli sürülmüşdü.
Bu kitabı həqiqi dostluğu yaşayan, içində o hissləri layiqincə daşıyan hər kəsə tövsiyə edirəm. Çox axıcı və gülümsəyərək oxuyacağınız bir kitabdır. Yazıçıya bir daha uğurlar arzu edirəm, növbəti kitablarını da mütləq oxuyacam..