Nə var Allahdan yuxarı?
Nə var qəbirdən aşağı?
Çəkdiyim ahdan yuxarı
Bildiyim sirdən aşağı?
Niyə günün gündüzündə
Quşlar azır göy üzündə?
Göz yaşları quş gözündən
Tökülür dən-dən aşağı.
Demə, biz ki quş deyilik,
Allaha tanış deyilik...
Ruhum, dur, yığış, gedirik,
Sən yuxarı, mən aşağı...
Bir səhər yuxudan durub
Özünü uşaq görəsən.
Görəsən hamı evdədi,
Ölənləri sağ görəsən.
Qorxasan qaçıb gedələr, -
Tez qapını bağlayasan.
Geri dönüb içəridə
Bir təzə qonaq görəsən.
Görəsən ki, qapqaradı
O qonaq başdan ayağa.
Ondan başqa hamısının
Üst-başını ağ görəsən.
Pəncərədən içəriyə
Dola-dola gün işığı.
İçəridə boş-boşuna
Yanan bir çıraq görəsən.
Söndürəsən o çırağı -
Hamı birdən yoxa çıxa.
Otaqda bir qara qələm,
Bir də ağ vərəq görəsən.