Kitabı oxumazdan əvvəl hamının bu kitabla duyğulandığına vaqif idim. Bilmirəm onları kitabdakı hansı mövzu təsir edirdi, amma mənə, deyəsən, hər cümlə, hər söz, hər xitabı təsir etdi. Zezeyə ailəsi tərəfindən onun yaxşılığı üçün deyil, tərbiyəsinin formalaşması üçün deyil, sırf öz mənfəətləri üçün etdiyi əməllər mənə təsir etdi. Ya da Zezenin heç gözləmədiyi bir adamın onu bu həyata bağlanmasına səbəb olması mənə təsir etdi. Kitabda da yaxşı göstərilən bərabər olmayan cəmiyyətdəki yoxsul həyatla komfort həyat yaşamış uşaqlar arasında olan fərqlilik deyil də, Zeze kimi hər cümlədən, hər sözdən, hər xitabdan təsirlənən, bir sözlə, həssas insanla digər -diqqətsiz deyə adlandıra biləcəyimiz- insanlar arasındakı fərq mənə təsir etdi.
Kitabdan alıntı paylaşarkən kitabı səhifələyəndə belə gözlərim doldu. Çox realist idi və elə bəlkə, gözlərimi dolduran da hadisələrin realistliyi idi. Zeze ailəsi tərəfindən sevilməyən bir uşaq deyildi, bunu oxuyan hamı görər. Amma anlaşılmadan sevilmək dünyada insanın boynuna qoyulan ən ağır minnətdarlıq olduğunun təsdiqi kimi idi. Zezenin həyatında Portuqa olana qədər müqaisə edə biləcəyi sevgi olmadığından, bəlkə, məcburiyyətə təslim olurdu, amma Portuqayla tanışlığından sonra, yəni təmənnasız sevgini dadandan sonra onu itirməsi... Bilmirəm, bununla ömrünün 48 yaşına kimi necə yaşadığını bilmirəm. Onunla tanışsaydım yəqin ilk sualım “necə bacardın?” olardı, “Heç nəyə inanmadan hər şeyə yenidən başlamağı necə bacardın?”. Amma indi bunu bacarması belə mənim üçün bundan sonra yadıma salacağım ən qəşəng ümidlərimdən biri olacaq.