Sevgilim, yağışlı bir yaz günüdür,
Tutmuş hər tərəfi yenə çən, duman.
Nə sahil, nə şəhər, nə göy görünür.
Pəncərə ardında durub bayaqdan
Səni düşünürəm... Axı adətən
Yağışlı günlərdə darıxır insan.
Qəlbimdə, fikrimdə, xəyalımda sən,
Bir də ilk görüşü anıram bu an.
Onda Təbrizdəydik, gözəl bahardı,
Neysan aylarıydı, xatırla bir sən.
Hər hasar üstündə bir əklil vardı
Badam ağacının çiçəklərindən.
Səhər gün çıxardı, ilıq yaz günü,
Günorta şiddətlə yağardı yağış.
Əlvan rənglər ilə göyün üzünü
Bəzəyən qurşaqlar, yadında qalmış?
Sevgilim, sənin də xatirindəmi,
Yağışlı bir gündü görüşəndə biz.
Mənim yadımdadır, bax bu gün kimi
Ayrılmaq bilmirdi nəzərlərimiz.
O gün tək otaqda qəlbim qaraldı,
Yağış da qoymadı bir göz açım mən.
Gözüm bütün günü küçədə qaldı,
Elə bil bu saat sən gələcəksən.
Axdı şüşələrdən kiçik damcılar.
Bu düşdü, başqası axdı tazadan.