Biz uşaq olanda gizlənpaç oynayardıq. Qaçıb özümüzə gizlənəcək yer axtarardıq — qapının arxası, pərdənin yanı, stolun altı, qaranlıq bir künc… Sonra nəfəsimizi belə saxlayardıq ki, bizi tapmasınlar. Hamı elə düşünərdi ki, gizlənən adamın ən böyük qorxusu tapılmaqdır. Amma məncə heç vaxt elə olmayıb. Əslində, içimizdə balaca bir ümid olardı ki, kimsə gəlib bizi tapsın. Hətta gizlənəndə belə qulağımız səsdə olardı — addım səsləri yaxınlaşırmı, adımızı çağırırlarmı deyə. Çünki o vaxt da insanın içində bir hiss var idi: “Kaş məni tapsınlar.” Çünki tapılmaq görünmək idi. Tapılmaq “sən varsan” demək idi. Ən böyük qorxu isə gizləndiyin yerdə unudulmaq idi. Oyunun bitməsi, hamının evə getməsi və sənin hələ də gizləndiyin yerdə qalmağın… Bəlkə də insanın içindəki ən köhnə qorxu elə budur : unudulmaq. Sonra böyüdük. Amma qəribəsi odur ki, oyun heç vaxt bitmədi. Sadəcə forması dəyişdi. Uşaq olanda divarların, qapıların arxasında gizlənirdik, indi isə özümüzün içində gizlənirik. İçimizdə nə qədər qırılmış şey varsa, hamısını yaxşı görünən tərəfimizin arxasına qoyuruq. Güləndə hər şey yaxşıymış kimi görünürük, amma heç kim bilmir ki, bəzən o gülüşün altında neçə gecə ağlayıb susmuş bir insan yatır. “Yaxşıyam” deyəndə hamı inanır, çünki heç kim “həqiqətən yaxşısan?” sualını verəcək qədər dərinə baxmır. Bəzən elə yorulursan ki, bunu izah etməyə belə halın olmur. Sadəcə susursan. İnsanlar elə bilir sakitləşmisən, halbuki içində min dənə fikir bir-birinə qarışır. Elə günlər olur ki, özün özünü başa düşmürsən. Nəyə görə ağrıyırsan, niyə bu qədər boşluq hiss edirsən, niyə heç nə əvvəlki kimi hiss olunmur — bilmirsən. Sadəcə içində qəribə bir ağırlıq olur. Heç kimə danışa bilmədiyin, danışsan belə tam izah edə bilməyəcəyin bir ağırlıq. Ən qəribəsi də odur ki, insan ən çox anlaşılmaq