İnsan bərabərliyi — tarix boyu saysız ideologiyaların, inqilabların və mübarizələrin mərkəzində olmuş bir anlayışdır. Kimisi bu ideyanı sosializmdə, kimisi kommunizmdə, kimisi isə ibtidai icma quruluşunun sadəliyində axtardı. Amma mən nə bu sistemləri, nə də başqa hazır quruluşları müdafiə edirəm.
Bərabərlik mənim üçün bir idealdır, beynimin ən küncündə oturmuş, heç vaxt tam sönməyən bir istək. Lakin qarşısında durduğu divar çox möhkəmdir — bu divarın adı reallıqdır. Bəzən biz bu reallığın üzərindən keçir, onu görməməzlikdən gəlirik. Amma o, həmişə oradadır: sərt, dəyişməz, bəzən də amansız.
Tutaq ki, bütün dünya razılaşdı və kağız üzərində bərabərliyi yaratdı. Qanunlar qəbul olundu, iqtisadi sistem yenidən quruldu, sərvətlər bərabər bölüşdürüldü. Sonra nə baş verəcək?
İnsanın daxilində bir qüvvə var — doyumsuzluq. Bu, təkcə daha çox mal-dövlət istəyi deyil, həm də üstünlük qazanmaq, fərqlənmək arzusu. Bu hisslər sadəcə sosial quruluşun məhsulu deyil, insan təbiətinin özündən gəlir. Doyumsuzluq praktiki bir problemdir. O, bərabərliyi kağız üzərində belə pozacaq qədər güclüdür.
Bəs bu tükənməyən istəkləri necə cilovlamaq olar? Tarix göstərir ki, zor gücü ilə bu istəklər yox olmur — sadəcə gizlənir, sonra isə daha güclü şəkildə üzə çıxır. Dinlər, fəlsəfi məktəblər, tərbiyə sistemləri əsrlər boyu insanın içindəki “daha çox” istəyi ilə mübarizə aparmağa çalışıb. Bəzən uğur qazanıblar, amma heç vaxt tam qalib gələ bilməyiblər.
Həqiqət budur ki, bərabərlik təkcə iqtisadi və siyasi mexanizmlərlə qurula bilməz. O, daxili intizam tələb edir — arzuların sahibi olmaq yox, onları idarə edə bilmək bacarığı.
Beynimizdə mükəmməl bir dünya yaratsaq belə, yaşadığımız “mövcud dünyalar”a uyğunlaşmaq məcburiyyətindəyik. İnsan cəmiyyətinin qaydaları, norması və gözləntiləri var. “Niyə