Bəzən nə yazacağını bilmirsən, amma sadəcə yazmaq istəyirsən. Durğu işarələrini də qoymağa bəzən səbrin və hövsələn çatmır. Elə hey istəyirsən ki, beynindəkiləri kağıza tökəsən. Qorxursan ki, geciksən, fikirlərin uçar. Bir daha əvvəlki kimi düşünə, ardıcıllığı yadına sala bilmərsən. Bəzən deyirlər ki, səhər tezdən qalxmaq səni digər insanlardan fərqləndirir. Hə, doğruymuş. Məsələn, günəşin ilk şəfəqlərini, quşların nəğməsini, havadakı o mehi, şəhərin səssizliyini ilk mən duydum. Gündüz həyətin torpağı üzərində səs-küy salaraq oynayan, səsləri ta balkonuma kimi gələn uşaqların sevinc hayqırışlarını, nərd oynayan dayıların oyun söhbətlərini, söhbət edən xalaların sözcüklərini, reaksiyalarını duymuram. Səssizliyin içindəki duyulmayan səs-küy insana necə də hüzur verirmiş. Bəlkə də balkonunda mənim kimi edən, amma görə bilmədiyim insanlar anlayar sezərək hiss etdiyim duyğularımı. Bir azdan günəş ən təpəyə çıxacaq- şəhərin səs küyü başlayacaq, uşaqların oyun səsləri, dayıların nərd söhbətləri, xalaların qiybətləri həyatımızın- günümüzün tamamlanacaq olan parçalarını kompensasiya edəcək. Mənə düşən hissəsini də ya yazaram, ya da yerinə yetirərəm. Burda qərarsızam…
09.05.24