Ümumi terminologiyaya əsaslanaraq əfqan tarixi ilə bağlı kitabların ithaf etdiyi hadisələr bu terminologiyanı artıq dünyanın tarixinə hopdurub desəm, yanılmaram.
Oxuduğunuz sadəcə bir kitab deyil. Burada xəyal qurmaq, onun aşıladığı emosiyaların ağuşunda itib batmaq qeyri-mümkündür. Kitabı oxuduqca sizə bəxş olunan hislər yalnız kədər, məyusluq və duyğusallıqdan ibarətdir.
Osne Seyerştad’ın Sultan xanın evində keçirdiyi günləri qələmə alması bizə-dünyaya əfqan tarixinin bəlalarının bir daha gün üzünə çıxmasından, həll olunmayan problemlərin üst-üstə qalaqlanmasından xəbər verir. Taliban rejiminin insanları İslam təriqəti altında birləşdirərək cəmiyyətə tətbiq etdiyi qaydalar isə sadəcə cəfəngiyyatdan ibarət idi.
Kitabda ən çox məyus olduğum hissə isə qadınların cəmiyyətdən burka vasitəsilə təcrid olunması idi. O burka ki, onun arxasında gizlənən gözlərin nə qədər xəyalları, arzuları var idi.
Leyla obrazı isə ən çox üzüldüyüm obrazlardan biri oldu. Həyatı ailəsinə qulluq etməklə keçən və sosial cəmiyyətdən təcrid olunan, həmin qadağanın zəncirləri qırıb atmağa çalışsa da, buna imkan verilməyən, xəyallarını daima içində boğan bir Qadın…
Dünyada belə bir şəraitdə yaşayan həmcinslərimlə eyni dünyanı paylaşmaq və əlimizdən bir şey gəlməməsi…Çarəsizlik…
Sultan xanın kitab dükanları isə Kabilin həyatına xüsusi bir rəng qatırdı.
Hər çevirdiyiniz səhifədə Əfqanıstanın, eləcə də Kabilin ya əvvəldən sizə məlum olan, ya da yeni görəcəyiniz bəlaları ilə qarşılaşacaqsız.