Gülşəndə idim seyrdə, bir yar idi, bir mən.
Bir bülbül idi, bir də çəmənzar idi, bir mən.
Hər aşiq öz istəklisi eşqində yanırdı,
Pərvanə idi, şəmi-şəbi-tar idi, bir mən.
Bülbül gülə, gül bülbülə min naz eləyirdi,
Bir kəs yox idi, ol güli-bixar idi, bir mən.
Göylər də həsəddən bizə baxdıqca yanırdı,
Dövrəmdə gəzən sabitü səyyar idi, bir mən.
Görsəydi, rəqibin gözü qəmdən çıxacaqdı,
Mən məst idim, ol gözləri xummar idi, bir mən.
Bir çeşmə kənariydi, qədəh lalətək əldə,
Canan özü saqi meyi-gülnar idi, bir mən.
Öz sirrimi əğyarə nə yaxşı deməmişdim,
Düşdü elə bir yer də ki əğyar idi, bir mən.
Vahid, yanıram xatirə gəldikcə bu aləm,
Gülşəndə idim seyrdə, bir yar idi, bir mən.