Qara ölüm tarixdə qeyri-adi, ya da ən dəhşətli yoluxucu xəstəlik deyildi. İlk avropalılar gəldikdən sonra Amerika, Avstraliya və Sakit okean adalarını daha betər epidemiyalar sarsıtdı. Xəstə olduqlarını bilməyən avropalı tədqiqatçılar və köçkünlər özləri ilə yoluxucu xəstəliklər gətirdilər; yerli əhalidə bu xəstəliklərə qarşı immunitet yox idi, buna görə də onların 90 faizi həlak oldu.
5 mart 1520-ci ildə kiçik bir ispan donanması Kubadan Meksikaya doğru yola çıxdı. Gəmilər 900 ispan əsgərini, onların atlarını, odlu silahlarını və bir neçə afrikalı qulu daşıyırdı. Qullardan biri - Fransisko de Egia isə öz üzərində daha ölümcül bir yük daşıyırdı, Fransisko bundan xəbərsiz olsa da, onun trilyonlarla hüceyrəsinin arasına bioloji bir bomba yerləşmişdi: çiçək virusu.