… onu görməkdən aldığım dərin həzz təktərəfli, qarşılıqsız idi, çünki məni görməmişdi. Mənimsə o gözlərə ehtiyacım vardı. Bütün fəlsəfi müşkülləri və ilahi müəmmaları həll etməyim üçün bircə baxışı kifayət idi. Ancaq bircə baxışı! Artıq mənə heç bir sirr, heç bir rəmz gizlin qalmayacaqdı.
Ah, sevinc bəxş etmək və bəxş etdiyin sevincin fərəhini duymaq necə asan imiş: demək ki, sadəcə insanlara açıq olmaq lazımmış, onda həyat enerjisi insandan insana keçəcək, yüksəklikdən dərinliyə kimi töküləcək, dərinlikdən sonsuzluğa qədər köpüklənərək qalxacaqdır.
Məhəbbət gözəgörünməz, sehrli bir quşdur; adamı qanadlarına alıb göylərə uçurur, bu aləmdən çox uzaqlarda olan ikinci dünyaya aparır. Orda çəkdiyin əzab, əziyyət də səni sərməst edir, nəşələndirir; hər şey öz adiliyindən çıxıb gözəlləşir.