Bu kitaba Aleksey Maksimoviç Qorkinin (Maksim Qorkinin) bir sıra məşhur hekayələri daxil edilmişdir. Əsərlərində insan mənəviyyatını puç edən meşşanlığın cəmiyyət üçün nə dərəcədə zərərli olduğunu böyük ustalıqla əks etdirən yazıçı bu hekayələrində də “mülkədar və kəndlinin… səfilin və tələbənin” və bir çox başqa sosial tiplərin maraqlı obrazını yaratmışdır.
Bu kitab “Mücrü” nəşriyyatının “Zirzəmi” seriyasında nəşr edilmişdir.
“Siz bir təsəvvürünüzə gətirin: mən bağın xiyabanında, skamyanın üstündə iki ildir ki, oturmuşam. İki il! Siz razılaşın ki, bu, son dərəcə mənasızdır. Günlər, gecələr gəlib keçir, şəfəq sökülür, günəş batır, toz, yayın istisi, payızın yağışlı günləri başlanıb qurtarır, qar yağır, qışın çovğunları düşür, ancaq mən burada oturub gözləyirəm; mənim yanımdan həqiqi adamlar nadir hallarda gəlib keçir, onlar maraqsız, lüzumsuz şeylərdən danışırlar; çesuça kostyum geymiş tanımadığım çopur bir adam kök bir qadını tamahsılandırıb deyirdi ki, mənim şitilliyimdə ananas qovunları çox gözəl yetişir, özü də söz arasında, lap elə bil at kimi onun qulağını dişləyirdi, qadın da yavaşca qışqırırdı. Bunlar olduqca axmaq, mənasız şeylərdir, bu məni lap təngə gətirib! Oturub öz-özümə fikirləşirəm, deyirəm ki, canlı adamlar yamanca qüssə doğuran, səfeh və qeyri-müəyyən insanlardır. Biz uydurma insanlar onlardan çox-çox maraqlıyıq! Biz həmişə onlara nisbətən daha zəngin mənəviyyata malik oluruq, bizdə poeziya, lirika, romantizm daha artıqdır. Düşünəndə ki, biz, əslində, ancaq bu küt, real insanları əyləndirmək üçün yaşayırıq...”