Texnologiya əsri həyatımızı xeyli rahatlaşdırıb. Bəzən düşünürsən ki, bəlkə də, bu qədər rahatlıq insani təbiətimizə yaddır. Səhər oyanır, gözümüzü açan kimi telefonu əlimizə alır və günün ilk anlarını “sürükləyirik”. Sonra hazırlaşır, dərs və ya iş dalınca yollanırıq, yolda “sürükləyirik” və ya heç yerə çıxmasaq belə, evdəki cihazlara öz işlərimizi tapşırıb boş vaxt tapan kimi yenə “sürükləyirik”. Gedəcəyimiz yerdə mənzil başına çatıb işimizə başlamazdan öncə, hər kiçik fasilədə, işin sonunda yenə “sürükləyirik”. Evə yollanırıq, yolda “sürükləyirik”. Çatırıq, işlərimizi qaydasına qoyub ən kiçik bir zaman dilimində yenə “sürükləyirik”. Beləcə, günlər keçir. Biz də sürüklənirik: tənbəlliyə, passivliyə. Beynimizi boş yerə yorur, potensialını da zəiflədirik.
Amma beynimiz həll olunması gərəkən problemlər qarşısında daha da aktivləşir və potensialını ortaya qoyur. Minillər, yüzillər öncə ömür sürmüş insanın həyata baxışı sadə idi, bəlkə də: dünyaya göz açır, necəsə həyata sarılır, böyüyür, həyatda qalmağı öyrənir, yaxşı halda xoşbəxt ömür sürür, ailə qurub valideyn olur, pis halda hansısa xəstəliyin caynağına yaxalanır… Nəhayətdə bizə verilən zamanın necə uçub getdiyinin fərqinə belə varmırdıq. Nəsə tanış gəldi. Bu sıradan həyat XXI əsrdə yaşayan bizlərin yaşamından nə ilə fərqlənir? Minillər keçsə də, insan eyni prinsiplə yaşamırmı? Həyata daha dərindən baxsaq, minillərin ötəsindəki insanların da özlərinə uyğun dərd-səri, sıxıntısı olub və bu gün də müasir insanın da uğrunda mübarizə aparacaq bir qayəsi var. Bu baxımdan deyə bilərik ki, tarixin ağuşunda və ya bu gün yaşamasından asılı olmayaraq, insanı düşündürən suallar da təxminən eynidir: Mən kiməm? Nə üçün varam? Missiyam nədir? Nədən qorxuram? Potensialım nədir? Nəyə inanıram? Nə üçün yaşayıram? və s. bu qəbildən