Ağ duman tək yuxuna kaş ki, gələydim gecələr,
Qəmli ruhun haraları gəzdi, biləydim gecələr.
Hər səhər sübh nəsimiylə doğulmaqçün kaş,
Baş qoyub sinənə sakitcə öləydim gecələr.
Bölünüb min yerə, hər zərrəmi bir ulduz edib,
Başın üstündə səmaya düzüləydim gecələr.
Ağlayıb gündüzü biçarə buludtək sənsiz,
Baxaraq göz yaşıma sənlə, güləydim gecələr.
Sən qaranlıqda ayı seyr elədikcə, mən də,
Ruhuna ay işığıyla süzüləydim gecələr.
Baş daşım üstə dodaq izlərini öpmək üçün,
Allahımdan da xəbərsiz diriləydim gecələr.
Fəhminin qəlbində son arzu qalmış yalnız,
Ağ duman tək yuxuna kaş ki, gələydim gecələr.
Məni axtar darıxanda,
Səni qəm-qüssə sıxanda,
Yorulub sərsəm həyatdan
Gözünün yaşı axanda.
Məni axtarma sevincǝk,
Qayğısız şənlik edəndə,
Gündə bir barda, kafedə
Zahirdə təbəssüm satan asudə dodaqlar
Batində ölən arzuların gizli məzarı
Zahirdə soyuq, şəbnəmi buz lalə yanaqlar
Batində axan göz yaşının isti buxarı.
Gözdə oxunan niyyəti çılpaq, sözü çılpaq
Ruhunda hər an zorladığı ismətin ahı.
Bir incə mələk, taleyi çılpaq, özü çılpaq
Şəhvətdə batıb, anbaan artmaqda günahı.
Gündüz dolanar boynuna ağ körpə biləklər
Axşam qara əllər gəzər halsız bədənində,
Gündüz bala eşqiylə sönük ruhu çiçəklər
Axşamsa tikanlar bitər əlvan çəmənində.
Zalım fələyin qanlı dəmir məngənəsində
Hər gün sıxılırdı, əzilirdi, kiçilirdi,
Qansızların işrətli səfa təntənəsində
Əllərdə gəzir, dadlı şərabtək içilirdi.
İncitmə onu, göz yaşı görsən yanağında,
Bəlkə də, bu su ruhunu bir azca təmizlər,
Məlum deyil əsla ki hələ həqq qabağında
Kimdir üzü qarə o çiçək, yoxsa ki, bizlər.
Əgər kədərli, həzin nəğmətək düşürsə yada
Sənin xəyalın idi bəstəkarı gəncliyimin.
Sənə yetişmək üçün ki özün fəda elədi
Gərək qapında qazılsın məzarı gəncliyimin.
Dincəl bir az, ey hər gün özündən qaçan oğlan
Ahıyla içindən çölünə yol açan oğlan.
Düşsən yağışa, tez dəyəcəksən yerə, vallah
Kağız qanad ilə göy üzündə uçan oğlan.
Yanma bu qədər boş yerə, səndən günəş olmaz
Ey şölələnib hər tərəfə nur saçan oğlan.
Çox başqasının qanın içən görmüşəm, ancaq
Heç görmədim öz qanını sən tək içən oğlan.
Vaxtın çatıb artıq, daha bir gözdə məkan tut
Dünya kimi gözdən-gözə daim köçən oğlan.
Sən ki, ölüsən, dəfn eyləyiblər öz içində
Yorma özün, ey qəbri üçün yer seçən oğlan.
Kim Fəhmini gördü dedi - Əhsən hələ sağmış
Dünyada cəhənnəm alovundan keçən oğlan.