Hər bir insanın özünəxas tərzdə xoşbəxtlik anlayışı var. Kimisi xoşbəxtliyi təhsildə, kimisi var-dövlətdə, kimisi ailədə, kimisi vəzifədə, kimisi gözəllikdə, kimisi yaxşı qonşularının olmasında görür... Bu xoşbəxtlik ünvanlarını saymaqla qurtarmaz. Fərqi yoxdur, xoşbəxtlik axtarışının sonu hansı ünvana çıxacaq, əsas odur ki, özünü xoşbəxt hiss etsin. Bəs, niyə alınmır? Bütün bu sadalanan məziyyətləri əldə edənlər, hələ də, özlərini xoşbəxt hiss etmədiklərini deyirlər. Axı, niyə? Bir vaxt səni xoşbəxt edəcəyini düşündüyün amilə artıq nail olmusan, daha nə istəyirsən? Niyə xoşbəxt deyilsən? Bu suallara da başqa cavablar tapılır hər zaman. Amma bəşər bir şeyi unudur:biz xoşbəxt olmaq yox, başqalarından daha xoşbəxt olmaq üçün əlləşirik. Bu, yaşam mübarizəsi deyil, məncə, xəstəlikdir. Elə bir xəstəlik ki, yalnız özün özünün həkimi, dərmanı ola bilərsən...