"Fikirləşirdim ki, bu yaşda adam olasan, şəhərdə təhsil alasan, amma özünü sadəlövh kəndli kimi aparasan, başa düşməyəsən ki, sən bu dünyada təksən, heç kim qıraqdan gəlib sənə kömək edən deyil. Hər kəs öz başına çarə qılmalıdır. Qavrila da, Mitka da, Lal-dinməz də gəldi-gedərdir. Bunu nə qədər tez anlasan, o qədər yaxşı olar. Mənim aləmimdə danışa bilməməyim xüsusi bir əhəmiyyət kəsb etmirdi. Çünki insanlar onsuz da bir-birilərini başa düşmürlər. Onlar bir-birilərini sevir, nifrət edir, qucaqlayır, rədd edirlər, amma, əslində, hər kəs yalnız özünü tanıyır. İnsanın şəxsi təcrübəsi, xatirələri, emosiya və hissləri onunla başqaları arasına sədd çəkir - bir çayın qıjovu ilə bataqlıq sahili arasındakı qamışlıq kimi. Bu kişini necə başa salaydım ki, biz ətrafımızdakı dağ zirvələri kimiyik. Bir-birimizi görürük, amma aramızda dərin dərələr, gen vadilər var. Nə görünməyəcək qədər alçağıq, nə də göy qübbəsinə dirənəcək qədər yüksək."