Gəzdik bizim şəhəri axşamdan səhərədək,
Göz-gözə, baxış-baxış, əl-ələ, ürək-ürək.
Kim o sirli gecəni bizim qədər sevəcək?
Həyəcandan unutdum iyunun neçəsiydi?
O gecə dünyanın ən gözəl gecəsiydi.
Qovarkən bu şəhərdən ayrılığı, təkliyi,
Küçə işıqlarından aldıq mübarəkliyi,
Dəli şair o qızın hamıdan gizlətdiyi,
O qız da şairinin biriydi, bircəsiydi,
O gecə dünyanın ən gözəl gecəsiydi.
Heç düşünmürdük də necə olacaq sonluq,
Bir gecəni birlikdə baş-başa başa vurduq.
Hansı döngəyə girsək sevincdən uçunurduq,
Hər küçəsi elə bil xoşbəxtlik küçəsiydi,
O gecə dünyanın ən gözəl gecəsiydi.
Nələr yaşamışdıqsa bir-bir səhifələdik,
Bir möcüzə gecəni sevgiylə sirr elədik.
Günəşin doğuşunu birlikdə seyr elədik,
Bu bizə hədiyyətək sübhün əyləncəsiydi,
O gecə dünyanın ən gözəl gecəsiydi.
Həmin gecə bu şəhər ətrinlə ətirləndi,
Ulduz yağışlarına ağaclar çətirləndi.
Baxışların şeirimdə sözbəsöz sətirləndi,
Gülüşün son misramın birinci hecəsiydi,
O gecə dünyanın ən gözəl gecəsiydi.