Neyləyim?
Mən səni sevə bilmədim,
Adsız çiçəkləri, otları sevdim,
Tanışları sevdim, yadları sevdim,
Ürəyimə yatan adları sevdim,
Neyləyim?
Tək səni sevə bilmədim.
Sızladım qarışqa yuvası üstə,
Göynədim "Sarıtel" havası üstə.
Dünyanın məhəbbət davası üstə
Tək səni, tək səni sevə bilmədim.
Ağacın üstündə budaqlar qoşa,
Budağın üstündə yarpaqlar qoşa,
Dağlar da, quşlar da verib baş-başa,
Nə olsun?
Mən səni sevə bilmədim.
Qol-qola söykənən budağı sevdim,
O dərəni sevdim,
Budağı sevdim,
Məni haraylayan ocağı sevdim,
Tək səni sevə bilmədim.
Bir baxışdan dağ çayına vuruldum,
Bulaq gördüm, ağ suyuna vuruldum,
Sənə şer yazım dedim, yoruldum,
Mən nə deyim, mən nə deyim?
Bilmirəm.