Unutmaq! Sözə bax! Onda dəhşətlər də var, təsəlli də, vahimə də! Kim unutmasa yaşaya bilər? Elə adam da tapılarmı ki, istədiklərinin hamısını unuda bilsin? Onda xatirələrin qəlpələri ürəkləri parça-parça eləməzmi? Adam o vaxt
azad olur ki, uğrunda yaşadığı şeylərin hamısını itirir...
-Siz provanslısınız?
-Xeyr. Bu nə deməkdir ki?
-Heç nə. Sadəcə olaraq, sözünüzün arasına girmək istədim. Belə hallarda mətləbə dəxli olmayan şeylər soruşmaq lazımdır. Yoxsa, düz bir saat danışardınız.
-Şlyapasına bax! Kim başına şlyapa qoyub gecə vaxtı belə sürətlə maşın sürər?
-Günah sizdə idi, çünki o, baş küçə ilə gedirdi. Niyə söyürsünüz?
-Əlbəttə, günah bizdə idi. Elə ona görə də söyürəm.
-Bəs günah onda olsa, neyləyərdiniz?
-Onda da başqa cür söyərdim.