Qaranlıq- cisimləri gizlədərək, onları “yox edir”. Sanki boşluq, yoxluq yaradır. Boşluq və yoxluq isə insanları qorxudur və təfəkkürü qamçılayır. Buna görə də elm gündüzü, fəlsəfə, din, poeziya GECƏni sevir.
Özünüzü bənzətdiyiniz stoistlər çox gözəl adamlardır, ancaq onların nəzəriyyəsi hələ iki min il bundan qabaq donub qaldı, bir qarış belə irəliləmədi və irəliləməyəcəkdir də, çünki bu nəzəriyyə əməli və həyati deyildir. Bu, yalnız öz həyatını hər cür nəzəriyyələri təhlil və təshih etməklə keçirən azlıq arasında müvəffəqiyyət qazana bildi, əksəriyyət isə bunu anlamırdı. Sərvətə və həyat rahatlığına laqeydlik, iztirablara və ölümə nifrət təbliğ edən nəzəriyyə isə böyük əksəriyyət üçün tamamilə anlaşılmazdır, çünki bu əksəriyyət heç vaxt var-dövlət, həyat rahatlığı görməmişdir; bu əksəriyyət üçün iztiraba nifrət etmək, həyatın özünə nifrət etmək deməkdir, çünki insanın bütün varlığı aclığı, soyuğu, həqarəti, itkini və ölüm qarşısında Hamlet qorxusunu hiss etməkdən ibarətdir. Bütün həyat da bu hadisələr üzərində qurulmuşdur: həyatdan usanmaq olar, ona nifrət etmək olar, lakin ona həqarətlə baxmaq yaramaz. Bəli, təkrar edirəm ki, stoist təliminin heç vaxt gələcəyi ola bilməz, halbuki, gördüyünüz kimi, mübarizə, ağrıya qarşı həssaslıq və qıcıqlanmaya cavab vermək qabiliyyəti əzəl vaxtdan indiyədək tərəqqi etməkdədir.