Qadın! Ey sevgili həmşirə, oyan!
Ana! Ey nazlı qadın, qalx! Uyuyan
Daima mövtlə həmduş oluyor,
Zillü möhnətlə həmaquş oluyor,
İştə sıyrılmada həp zülmətlər!..
Ağarır dan yeri, qalx,iştə səhər!..
Oyan, ətrafını seyr et də düşün!
Bütün övladi-vətən iştə bu gün
Yalınız səndən umar sədrə şəfa,
Yalınız səndə bular ruha qida.
Ana övladını bəslər, böyüdür,
Anasız millət, əvət, öksüzdür.
Sənin aləmdə vəzifən, hissən
Nə böyük, həm nə ağırdır, bilsən?!
Qadın! Ey sevgili, şəfqətli mələk!
Bu qədər səbrü təhəmmül nə demək?
O lətafət, o nəcabətlə sana,
Bu əsarət, bu həqarət nə rəva?!
Sən nəsən?.. Kəndini bil, zəfi burax!
Həp nəsibinmi sənin sillə, dayaq?
Çəkmə ah, eylə mükəddər, məhzun,
Ağla göz yaşların axsın, coşsun!
Ağla , fəryadını duysun ərlər,
Bəlkə insafa gəlib rəhm edələr.
“Ağla, həp ağla!” dedim, çox yanılış...
Çınlasın, mövcələnib yüksəlsin
O səsin qüvvəti, təsiri böyük...
Ağla, ta lərzəyə gəlsin yer, gög