Bu kitabı təsadüfən, rəfdə görüb heç fikirləşmədən almışdım. Mövzusundan da xəbərim yox idi, bir anlıq məni çəkən bir şey vardı elə bil. Aldıqdan bir neçə ay sonra oxumaq istəyəndə baxdım ki, kitab General Polad Həşimova həsr olunubmuş. Və kənara qoydum bu günlərdə oxumaq üçün. Düzü, adi bir mədhiyyə kitabı oxuyacağımı zənn etmişdim, ancaq İlqar Kamil məni yanıltdı. Sevərək, birnəfəsə oxuyub bitirdim kitabı. Oxuduqca Polad Həşimova olan heyrətim, rəğbətim, heyranlığım isə izah olunmazdır.
Sevgi və minnətlə anıram şəhid Generalımızı...
"Sizə eşq ilə yazılmış bir kitabdan danışıram. Danışıram ki, siz də onu eşq ilə oxuyasınız. Necə ki Rumi deyirdi, eşq insanı tərbiyə edər və bu sehr yalnız eşqə məxsusdur!"
İlqar Kamil
Bir sevgilinin şəklini as qəlb otağından,
Hərdən dəmi gəldikdə götür öp yanağından.
Məstanə könül içsə belə acı şərabı,
Yarın ki görür bal tökülür gül dodağından.
Qəm ruzisi zinət gətirib süfrəmə axşam
Məhrəm biri gəlmir ki yesin bir qırağından.
Tənhalığa xəlqin qaçıram bəd nəzərindən
Ruhum da həyatın yorulub təmtərağından.
Gözlər yumulub getsə də röyaya, əzizim,
Zənn etmə cəmalın yox olur göz qabağından.
Şahım, mənə bir söz de əmanət qala məndə,
Keçmişdə qulun sırğa asıblar qulağından.
Yarın o səbəb ətri bu dünyanı götürmüş,
Bir tel küləyin cənginə düşmüş darağından.
Bir busə götürdüm o gülün ləli-ləbindən,
Fərz et dirilik çeşməsi daddım damağından.
Axır yenə mən bəxtəvərin gəldi gözündən,
Bir qətrə su içmişdi səadət bulağından.
Səhraları könlüm sürünür körpə misalı,
İmdadə yetən yoxdu ki tutsun balağından.