Nə yazım, kitabı oxuyarkən hiss etdiklərimi necə ifadə edim bilmirəm ki... Belə ki, nə isə yazmağa da ehtiyac varmı?! O, Müşfiqdir. Belə bir şəxsiyyəti kiçik kəlmələrə necə sığdıra bilərəm ki... Lakin kitabın məndə yaratdığı təəssüratların bir qismini yazmaq istəyimə də mane ola bilmirəm.
Məni tanıyanlar Mikayıl Müşfiqi necə sevdiyimi bilir az-çox. Ədəbiyyatımızı, demək olar, bütün şair və yazıçılarımızı sevməyimə rəğmən, Müşfiqin qəlbimdə xüsusi bir yeri vardır. Hər dəfə şeirlərini təkrar-təkrar, yenidən oxuduğumda daha çox heyran oluram qələminə, nikbinliyinə, həyat eşqi ilə coşub-daşan misralarına...
"Müşfiqli günlər(im)" Mikayıl Müşfiqin həyat yoldaşı Dilbər Axundzadənin Müşfiqli günlərinə aid xatirələridir. O xatirələr ki, Dilbər onları ömrünün "bahar fəsli" adlandırır. Bu xatirələrdə Müşfiqi təkcə şair kimi deyil, həyat yoldaşı, övlad, qardaş, dost, müəllim kimi tanımaq imkanı əldə edirik.
Müşfiqlə keçirdiyi qısa həyatını belə ifadə edir Dilbər:"Müşfiq elə bir nadir istedad idi ki, 7 il müddətində mən onu tamamilə dərk edə bilməzdim. Onun coşğun qəlbinin döyüntülərini, parlaq zəkasını bütünlüklə qavramaq üçün uzun illər lazım idi..."
Bəlkə uzun illər birlikdə həyat sürə bilmədilər, ancaq o, yalnız Müşfiqin xatirələri ilə yaşadı...
Kitabda Dilbər özünü arxa planda, sadə təsvir etsə də, onun necə vəfalı bir dost, həyat yoldaşı olduğunu müşahidə edirik. O, Müşfiqin məhəbbəti, ilhamı, həyat eşqi idi: "Dilbər, şeir mənim həyatımdır. O, həmişə pərvazlanmaq istəyən bir quşa bənzər. Sən isə bu quşun əbədi qanadısan!"
Dilbərə olan sonsuz məhəbbəti Müşfiqi məhəbbət əsirinə çevirmişdi. O, öz məhəbbətinin əsiri olmağı ilə fəxr edirdi...
(Kitabda həmçinin Müşfiqin şagirdlərinin, qələm dostlarının xatirələrinə də yer verilmişdir.)
Daha əvvəl oxuyub təsirləndiyim bir çox