Mən səni həyatda daşa dəyişdim,
Torpağa dəyişdim, məzara döndün.
Mən öz baharımı qışa dəyişdim,
Çinara dönmüşdün, hasara döndün.
Bir ana bənd imiş bu əbədiyyət,
Duydum buza dönən nəfəsimi də.
Anamı əlimdən alan təbiət,
Gözü götürmədi, aldı səni də.
*
Yerə söykədilər mərmər üzünü,
Yalvardım dayanın, əl saxladılar.
Mən özüm örtərdim evdə üstünü,
Burda, qəbristanda torpaqladılar.
Sən getdin, dəyişdi həyatın özü,
Getdi dadı-tamı, hər şeyi getdi.
Evi bəzərdin ki, gözəl görünsün,
Evimin ən gözəl bəzəyi getdi.
Gedib dost-qohumun qəbri üstünə,
Gül-çiçək qoyurduq ikilikdə biz.
– Mən sənsiz ölərəm! – demişdim sənə,
Hamısı yalanmış, yaşadım sənsiz...
*
Gözüm yolda qalıb, qulağım səsdə,
Gedibsən, qalmışam mən qonaq kimi.
Sən yerin altında, mən yerin üstə,
Biz ayrı düşmüşük kök-budaq kimi.
- Nəriman Həsənzadə