"Ölərlə ölümmür, amma qalanla da yaşanmır…" - bu cümlə kitabın əvvəlində oxucunu elə bir anda tutur ki, sanki səni öz yükünə, dərdinə, hekayəsinə ortaq edir. Kölgə xanımın bu əsəri, adından da göründüyü kimi, bir az qaranlığa, bir az susqunluğa, bir az da insanın içində gizlətdiyi “kölgə”yə işıq tutur...
Kitabı əldə etdikdən sonra ilk diqqətimi elə kitabın üz qabığı çəkdi: fonda daim bir qəribə sakitlik var: dəniz, gün batımı, tək qalan bir siluet… Bu görüntü təkcə üz qabığında deyil, sanki bütün kitab boyu hiss olunur. Müəllif təkliyi “romantikləşdirmir”, amma onu insanın ən sadiq yol yoldaşı kimi göstərir... Əsər boyu oxucu iç səsindən qaça bilmir. Bəzən elə olur ki, sanki müəllif heç kimin demədiyi, bir-birinə deməyə cəsarət etmədiyi sözləri yazıb.
Mövzular( spoiler vermədən izah etməyə çalışacam)
İtki və yoxluğun insanı necə dəyişməsi, yaşamaqla “sürünmək” arasındakı incə xətt... İnsanların içindəki "ölməyən" amma onu da ölməyə qoymayan ağrı. Unutmağın çətinliyi, xatırlamağın ağır faciəsi.
Kitabda hadisələrdən çox hisslər danışır. Bəzən elə oldu ki, bir abzasda o qədər sükut oldu ki, elə bil müəllif birgə xəfifcə nəfəs alıb, sonra davam edirsən.
Müəllifin üslubunu öz “cızmaqaralarıma” çox yaxın hiss etdim. Kölgənin xanımın yazı dili sadə, amma çox təsirli idi. Müəllifin metaforaları çox yerindədir: nə artıq, nə də göstərmək üçün yazılmış. Sadəcə hər dəfə kimin danışdığını xatırlatmağı oxucunu yorur bəzən..
Kitab oxucunu məncə ağlatmağa məcbur etmir, amma elə yerlərdə ürəyi sıxır ki, bilirsən: bu sənin acın olmasa da, tanış bir ağrı kimidir. Bəzən insanı öz itkilərinə qaytarır, bəzən həyatında özünə etiraf etmədiyin boşluqları görə bilirsən...
Bu kitabı oxuyandan sonra hiss edirsənki: Ölənlə ölünmür, amma bəzən elə anlar olur ki, yaşamaq da sadəcə vərdiş olur...