Siz mənim bütün arzularımın son məqsədi olmusunuz və sizi düşünmək həmişə mənə qüvvət vermişdir. Bilirsinizmi ki, qayğısız və rahat yaşamağın nə demək olduğunu mən çoxdan unutmuşam? Bəzən məmə elə gəlir ki, istədiyim qədər yatdığım və yalnız yuxudan doyduğumdan oyandığım günlərdən milyon illər keçmişdir. O qədər yatmaq istəyirəm ki, bəzən başım hərlənir və fikirlərim bir-birinə dolaşır; bəzən elə bilirəm ki, qəbirdə rahat yatmaq böyük bir xoşbəxtlikdir. Əlbəttə, bu, boş şeydir, yorğunluqdan, əsəblərin həddindən artıq yorulmasından əmələ gəlir. Lakin bir sualım var: bütün bunları mən kimin xatirinə edirdim? Sizin xatirinizə. Müvəffəqiyyəti tələsməyə məcbur etmək üçün. Mən nəyə qadir olduğumu bilirəm. Məni başa düşməyinizi necə hərarətlə arzuladığıma inanın. Axı bir iş də var ki, siz məni sevirsiniz. Axı məhz məni yazmağa vadar edən eyni şey sizi də məni sevməyə vadar edir. Siz məni ona görə sevirsiniz ki, mən sizi əhatə edən və birinə könlünüzü verə biləcəyiniz adamlara oxşamıram. Mən də sizi sevirəm, buna görə də onlar mənə heç nə eləyə bilməzlər. Bir halda ki, mən sizin məhəbbətinizə inanıram, onların nifrətinin mənə heç bir dəxli yoxdur. Dünyada məhəbbətdən başqa hər şey gəldi-gedərdi. Məhəbbət addımbaşı büdrəyən və yıxılan cılız, eybəcər bir xilqət deyil, əsl böyük məhəbbətdirsə, heç bir zaman yolunu azmaz.
Məncə, yaradıcılığınız sizin üçün bir oyuncaq idi. Siz onunla uzun müddət əyləndiniz, bəsdir. İndi həyata, bizim həyatımıza ciddi yanaşmaq vaxtıdır, Martin.