Olum, ya ölüm, budur məsələ.
Hansı şərəflidir? Azğın taleyin
Müdhiş oxlarına susub dözməkmi,
Yoxsa fəlakətlər nəhrinə qarşı
Silaha sarılıb üsyanmı etmək?
Ya qələbə çalmaq, ya həlak olmaq?
Ölmək - yuxulamaq, yalnız budur, bu!
Bununla ürəyin ağrılarını,
Əzəldən insanın nəsibi olan
Minlərlə dərdləri, iztirabları
Bir anın içində unuduruq biz.
Bumu gecə-gündüz dua oxuyub
Arzu etdiyimiz gözəl aqibət?
Ölmək- yuxulamaq, əbədi yatmaq,
Sonra yuxu görmək! Bax, budur əngəl.
Biz canı qurtarıb işgəncələrdən
Ölüm yuxusunda nə görəcəyik?
Budur yolu kəsən. Bu səbəb bizi
Məcbur edir çəkək ömrümüz boyu
Bütün zillətləri, müsibətləri.
Yoxsa kim dözərdi, kim dözərdi, kim
Zamanın cövrünə, həqarətinə,
Zalımın zülmünə, haqsızlığına,
Lovğa əyanların təkəbbürünə,
Tapdanmış sevginin əzablarına,
Acgöz hakimlərin əclaflığına,
Qansız nazirlərin sırtıqlığına,
Hər cür şərəfsizin şərəfliləri
İyrənc təhqirinə, istehzasına?