Payız adam

Payız adam
@payizadam
Həyat onun ürəyini oxuyan müğənni tapa bilməyəndə, o, onun ağlı ilə danışan filosof yaradır! Halil Cibran
1-ci Məktub
Sevgili dostum, ⠀ Payız gəldi. Havalar sərindir. Artıq yarımqolla gəzəndə üşüyürəm. Səhərlər evdən çıxarkən daha da soyuq olur. Lakin mən payızın sərin küləklərini sevirəm. Üşüsəm də sevirəm. Bu aralar tək qalıb düşünməyə və özümü sevməyə zaman ayıra bilməmişəm. Hətta özümdən çox uzaqlaşmışam. Dərinlərdən çox sıxıldım bəlkə də. Axı balinalarda nəfəs almaq üçün ara-bir suyun üzünə çıxırlar. Mən isə nəfəs almadığımı hiss edirəm. Uzun müddətdir ki yazmaq istəyirəm sənə. Hər gün zehnimin bir kənarında gəzişən bu fikir məni səsləyir. Mən isə onu duymaq üçün insanlardan uzağa qaçmalı oluram. İnsan necə də qəribə varlıqdır. Səsin kimə aid olduğunu bəzən səhv salır. Adətən özümüzün sandığımız səslər də başqalarının səsi olur. Ona görə də bəzən təkliyin içinə girib qapını bağlayıram və fikir buludlarımdan yağan cümlələri seyr edirəm. Yazının da bir ruhu var, yazarın da. Ruhsuz qələmim isə mənim həyatdan xəyallara qaçış gəmimdir. Sevgili dostum, kaş ki yazımın dilini bilənlər, ruhumunda dilini biləydilər. Görəsən leysan yağışlar nə zaman başlayacaq? Nə zaman bu coşqulu yağmurlara tamaşa edə biləcəm? Nə zaman onları izləsəm daxilimdə sevinc və kədərin sülh bağladığını görürəm. Digər zamanlarda isə biri o birindən şikayət edir. Düşünmək insanı yaşlandırır deyirlər. Mən isə bu qədər düşünməmə rəğmən hələ də uşaq kimiyəm. Əslində heç böyümək də istəmirəm. Bu qədər sürətlə addımlayan həyat mənim ruhumu yorur. Hər gün fərqli-fərqli həyatlarla, insanlarla qarşılaşıram. Zaman mənim üçün çox sürətlənib. Bəzən dostlarım görüşmək istəyir. Lakin elə bilirəm ki dünən görüşmüşük. Günlərin ardıcıllığını unuduram. Bəzən həyatın hardan hara axdığını belə unuduram. Lakin bu yazılar, bu məktublar keçmişdən gələcəyə axacaq. Həyat kimi. Əzəliyyətlə əbədiyyət arasında axan çay kimi. Səssizcə
Mektup
Hangi tür kitapları seviyorsun? 🔎 Polisiye 💕 Romantik 🚀 Bilim Kurgu 🏰 Fantastik 📖 Klasik 🧠 Kişisel Gelişim 🏛️ Tarih 😱 Gerilim
Payız adamın notları #5 | Sevinc və Kədər
🍁 Sənin sevincin və kədərin böyüyəndə bütün dünya kiçilir. Hərçənd bu dünyada yalnız sevinc və xoşbəxtlik axtaranlar, həyatın həm acılı, həm də sevinc dolu olduğunu unudurlar. Bu həyatın təbiətidir. Bu, həmçinin, insanın da təbiətidir. Bizlər bəzən dərin yaralar alarıq. Həyata üsyan edərik. Halbu ki, bu yaralardır bizi xoşbəxtliyə hazırlayan. Bəzən böyüyüb inkişaf etməkdən qorxar insan. Kədər onun evinin divarlarını uçuranda məyusluğa və ümidsizliyə qərq olar. Zira, kədərin açdığı bu yaralar bizə işığın və aydınlığın daxil olması üçün deyilmi? Kədər sizin daxilinizdə sevinc üçün yer hazırlar. Dərin ağrılar duyduğunuzda onların şəfqət bağçanızı abadlaşdırdığını unutmayın. O sizin saralmış yarpaqlarınızı qəlbinizin budaqlarından silkələyir ki, yerinə təzə, yaşıl yarpaqlar gəlsin. Siz öz qəlbinizi sevincə də, kədərə də açıq saxlayın. Çünki onlar sizin sevgi və müdriklik axtarışınızda həyatdakı ən güclü dostlarınızdır. Həyatınız iztirab və acılarla dolanda, onlara gülümsəyin, çünki sizin varlığınız iztirablarınızdan daha böyükdür! Unutmayın ki, kədərin apardıqlarını həyat bir başqa formada sizə geri gətirəcək ki, xoşbəxt olasınız! 🍁 Payız adam
Sevinç
Payız adamın notları #4
🍁 Həyatım axtarışlarla keçir. Özümü, məqsədimi, həyatımın qayəsini axtarıram. Bəzən fikir dənizlərinə dalıb orada inci axtarıram, bəzən də o incinin balıqqulağının ağrılarından yarandığını xatırlayıb onu götürmək istəmirəm. Hətta onu tapdığım kimi orada gizlətmək də istəyirəm. Çünki tapılanın dəyərini anlamadan ona dil uzadacaqlarını və təhrif edəcəklərini bilirəm. Axı insanın xislətində var bu... 🍁 Payız adam
Kendi Sözlerimden
Payız adamın notları #3
Yaşadığım dünyanın içində öz dünyamı yaratdım. Bilin ki sizin böyük dünyanız, mənim kiçik dünyamdan heç də böyük deyil. Mənim susqunluğumda gizlənən sözləri duya bilənlər anlar ruhumun dilini. Başqaları sadəcə öz zənnləriylə baş-başadır. 🍁 Payız adam Payız adam
Kendi Sözlerimden
Payız adamın notları #2
🍁 Səndə özümü görürəm. Bütün qüsurlarım və məziyyətlərimlə bərabər. Həyatda qarşıma çıxaraq mənim öz daxilimi mənə göstərən hər kəs məni özümə bir addım da yaxınlaşdırır. Bu həqiqətəndə xəyali mənliyimin öz əksini bütün yaradılışda tapmasına bənzəyir. Mən sənə baxıram, əsəbləşdiyim sadəcə öz qüsurlarım olur. Sevdiyim isə öz məziyyətlərim. Bunun ötəsində sənin varlığının mənasını dərk etməyə çalışıram. Səni daha dərindən tanımaq əslində özümü tanımaq deməkdir. Zira, mən məndə olmayanı səndə necə görə bilərəm?! Bu aciziyyətin ifadəsini doğuracaq bəlkə də, lakin məndə olmadığı üçün dəyərləndirə bilmədiyim necə gözəlliklərin var, dostum. Buna rəğmən mən sənin ruhundan səslənən hər sözə diqqət kəsilirəm ki, özümdə olmayanları da dəyərləndirə bilim. Uzaq düşməyin gətirdiyi ağrını bildiyim üçün, yaxınlığı yaradan qəbullanmanı və heyrəti öz ruhumdakı səsə çevirirəm. Bir gün sənin qarşında dayananda özümü gerçək bir güzgünün önündə hesab edəcəm. Sənin və səndə hər zərrəsiylə döyünən həyatın... 🍁 Payız adam
Dostluk