Sevgili dostum,
⠀
Payız gəldi. Havalar sərindir. Artıq yarımqolla gəzəndə üşüyürəm. Səhərlər evdən çıxarkən daha da soyuq olur. Lakin mən payızın sərin küləklərini sevirəm. Üşüsəm də sevirəm.
Bu aralar tək qalıb düşünməyə və özümü sevməyə zaman ayıra bilməmişəm. Hətta özümdən çox uzaqlaşmışam. Dərinlərdən çox sıxıldım bəlkə də. Axı balinalarda nəfəs almaq üçün ara-bir suyun üzünə çıxırlar. Mən isə nəfəs almadığımı hiss edirəm.
Uzun müddətdir ki yazmaq istəyirəm sənə. Hər gün zehnimin bir kənarında gəzişən bu fikir məni səsləyir. Mən isə onu duymaq üçün insanlardan uzağa qaçmalı oluram.
İnsan necə də qəribə varlıqdır. Səsin kimə aid olduğunu bəzən səhv salır. Adətən özümüzün sandığımız səslər də başqalarının səsi olur. Ona görə də bəzən təkliyin içinə girib qapını bağlayıram və fikir buludlarımdan yağan cümlələri seyr edirəm. Yazının da bir ruhu var, yazarın da. Ruhsuz qələmim isə mənim həyatdan xəyallara qaçış gəmimdir.
Sevgili dostum, kaş ki yazımın dilini bilənlər, ruhumunda dilini biləydilər.
Görəsən leysan yağışlar nə zaman başlayacaq? Nə zaman bu coşqulu yağmurlara tamaşa edə biləcəm? Nə zaman onları izləsəm daxilimdə sevinc və kədərin sülh bağladığını görürəm. Digər zamanlarda isə biri o birindən şikayət edir.
Düşünmək insanı yaşlandırır deyirlər. Mən isə bu qədər düşünməmə rəğmən hələ də uşaq kimiyəm. Əslində heç böyümək də istəmirəm. Bu qədər sürətlə addımlayan həyat mənim ruhumu yorur. Hər gün fərqli-fərqli həyatlarla, insanlarla qarşılaşıram. Zaman mənim üçün çox sürətlənib. Bəzən dostlarım görüşmək istəyir. Lakin elə bilirəm ki dünən görüşmüşük. Günlərin ardıcıllığını unuduram. Bəzən həyatın hardan hara axdığını belə unuduram. Lakin bu yazılar, bu məktublar keçmişdən gələcəyə axacaq. Həyat kimi. Əzəliyyətlə əbədiyyət arasında axan çay kimi. Səssizcə