Bizə müxtəlif illüziyalar içində yaşamağı öyrədiblər. Doğulanda adımızı bizdən icazəsiz qoyub xəbərimiz belə olmadan nə qədər prosesdən keçirirlər.
Bütün həyatımız seçmədiyimiz dövlətin və seçmədiyimiz xalqın problemləri içində əriyib bitir.
Qarşılığında heç nə almadığın şeyləri sevməyə, onlara itaət etməyə məcbur edirlər.
Sən əsgər getməlisən? Lazım olsa, ölməlisən.
Sən isə əsgər doğmalı, onu böyütməlisən. Ölüb eləsə, "vətən sağ olsun!" deməlisən. Buna görə heyifsilənməyə haqqın yoxdur. "Niyə?" sualını verməyi, özünü kiminləsə müqayisə etməyi isə ağlına belə gətirmə.
Səni heç kim başa düşmək istəmir. Çünki hamının öz problemləri var. Buna görə heç kimi qınaya bilməzsən. Sən təksən. Səni heç kimin başa düşmək borcu yoxdur.
Amma istədikləri vaxt qınaya, nədəsə mühakimə edə, asıb-kəsə bilirlər. Çünki əzilirlər. Bu camaat əzilmiş və təhqir olunmuş camaatdır. Varlısından kasıbına kimi. Əzilənlər isə həmişə kimisə əzmək istəyirlər.
Həmişə düşünürdüm ki, demək olar, bütün böyük və yaşanılacaq ölkələrdə tanışlarım var. Hara getsəm, ən azı bir nəfər taparam.
Son aylarda gəldiyim qənaət isə budur ki, bunun əslində heç bir mənası yoxdur. Sən tamamilə təksən.
Az qala əllidən çox tanışımın olduğu Varşavada tək-tənha, adını bilmədiyim kilsənin qarşısındakı skamyada oturanda ağlıma birinci bunlar gəldi.