- Bu geyim-kecimnən hara belə, Cəbrayıl?
-... İnstitut yoldaşlarımla görüşə gedirəm. Hər il oktyabr ayının üçüncü həftəsi, bazar günü səhər saat onda "Pionerlər" bağına yığışıb, ordan da gedirik köhnə "İnturist"ə. Yeyib-içirik, dərdləşirik, cavanlığımızı yadımıza salırıq. Axşama qədər gəzişib sonra ayrılırıq. Hər il...
- Nə gözəl işdi, nə gözəl işdi. Bəh-bəh!.. Çox adam gəlir bu görüşə?
- Doqquz nəfər idik. İndi səkkizi bu dünyada yoxdur.
- Demək, təkbaşına gedirsən görüşə?
- Hə.
Doqquz nəfərlik boş bir masa, doqquz dolu qədəh və dostlarının şərəfinə qədəh qaldıran Cəbrayıl...
Doqquz gənc, doqquz fərqli həyat hekayəsi: Cəbrayıl, Cəfər, Hümbət, Abdulla, Sərxan, Hacı, Miri, Qasım, Məlik. Onlar gənclikdə sözləşmişdilər ki, hər il oktyabr ayının üçüncü həftəsi, bazar günü səhər saat onda görüşəcəklər. Ömürləri boyunca bu vədə sadiq qaldılar. Ancaq illər keçdikcə masadan dostlar bir-bir əskilməyə başladı...
Sonuncu il də görüş vaxtı çatdı. Dostlarının yoxluğunun ağır yükü altında iztirab çəkən, amma vədlərinə sadiq qalaraq görüşə tələsən Cəbrayıl həmişəki vaxtda, həmişəki yerdə idi...
İsi Məlikzadədən qəlbə toxunan, insan münasibətlərini, daxili aləmini, keçmişin izlərini və zamanın gətirdiyi nisgilləri üzə çıxaran möhtəşəm povest, bir vəfa hekayəsi...