Güngezgini oxuduğum ilk komiks oldu, bu baxımdan kitabın formatını və dizaynını müqayisə edə biləcəyim başqa kitab yoxdur. Ümumi olaraq isə kitabın yazılma tərzi çox fərqliydi, müəlliflərin əsas qayəsi ölüm və yaşam və onun arasında insanların verdiyi mübarizəyə toxunmaq idi. Müxtəlif bölmələrdə eyni insandan söhbət getsə də, tamamilə fərqli sonluqlarda və seçimlərlə üz-üzə idi, sanki bizə bir qəhrəman verilib və qəhrəman onu yox,, bunu seçsəydi necə olardı? sualının hər bölmədə cavabını alırdıq. Tək mənfisi, artıq hər bölmədə qəhrəmanın öləcəyini bildiyimdən, sonlara doğru kitabı oxuma həyəcanımı bir qədər öldü.
Kitabın təsvirləri çox ürəyə yatan idi, baş qəhrəman - Brasın üz cigziləri ilə 2-3 bölmədən sonra doğmalaşmışdım artıq. Həyata hansı baxış bucağından baxırıqsa baxaq, tək gerçək var ki, bir gün öləcəyik. Və həyat oturub uzun-uzun üstünə düşünməyə də gəlmir əslində, doğru zamanı və fürsətlərin gəlməsini gözləyərkən anidən sona yaxınlaşdığımızı görə bilərik - bunu bütün bölmələrdəki təsvirlər yansıdır. Qəribə bir şəkildə kitab bitdikdən sonra həyat enerjimin çoxdan söndüyünü və nə oxuyuramsa oxuyum məni dirçəltmək qabiliyyətində olmadığını kəşf etdim, bu da məni çox kədərləndirdi. Bəlkə bir gün mənim günəşim parıldayanda yollarımız yenidən kəsişər..