Məncə, elmlərin mühazirə yolu ilə öyrədilməsi heç vaxt, heç bir cəhətlə sərbəst şəkildə oxuyub öyrənməyə tay olmaz, hətta ona yaxın belə dura bilməz. Doktor Dunkanın qış fəslində “Materia medika”dan səhər saat 8-dən oxumağa başladığı mühazirələri bu gün də dəhşətlə xatırlayıram. Doktor Monro anatomiyadan mühazirələrini özünün xarici görkəmi qədər darıxdırıcı eləyə bilmiş, məndə bu elmə qarşı ikrah hissi yaratmışdı. O vaxtlar anatomiya ilə ciddi məşğul olmağıma heç kimin maraq yaratmamasını həyatımda olan uğursuzluq sayıram, sözün düzü, o vaxt məni düzgün yönəltsəydilər, bu elmə qarşı duyduğum ikrah hissini tezliklə aradan qaldıra bilərdim. Sonradan bu elm mənə gələcək işlərimdə çox lazım olmuşdu. Anatomiyadan lazımi biliklərə yiyələnmək problemi o qədər islaholunmaz bir hal almışdı ki, onu yalnız mənim rəsm çəkə bilmək qabiliyyətimin olmaması ilə müqayisə etmək mümkündür.