Azərbaycan ədəbiyyatında Tənqidi-realizm və romantizm dövrünün banilərindən hesab edilən Cəlil Məmmədquluzadə yalnız publisistik fəaliyyət göstərməmiş, ədəbiyyatımıza bir çox yeniliklər gətirmişdir. Belə ki sənətkar 1909-cü ildə tragikomediya janrının əsasını qoymuş, 1920-ci ildə başa çatdırdığı "Anamın kitabı" əsəri ilə ədəbiyyatımızın şedevrlarından birinin banisi olmuşdur. Tragikomediya janrının "Anamın kitabı" ilə bilinməsinin ən əsas səbəbi bu əsərin özündə millətçilik ideyasını, azərbaycançılığı tərənnüm etməsidir. "Anamın kitabı" sözün əsl mənası ilə cəmiyyətin əsas özəyi olan bir ailənin, bir cəmiyyətin, bir millətin tragikomediyasını göstərir. Övladların bir-birinə münasibətdə əks mövqelərdə duruşu sadəcə bir ana ilə qız övladını deyil, bir milləti də qaranlığa sövq edir. Əsərdə siz o doğmalığı sadəcə "cahil", "avam" adlandırılan çobanlardan Gülbahardan, Zəhrabəyim anadan hiss edə biləcəksiniz.
Mənim üçün əsərin ən tragikomedi hissəsi, ən ağlamalı olduğumuz səhnəsi bir rus zabitinin belə 3 qardaşın öz ana dillərinə qarşı biganəliyinə, yadlığına hiss etdiyi o təəccüb hissi idi. Ən utanmalı olduğumuz bir səhnə ilə sənətkar bir şedevr yaradıb.
Sənətkarın əsərləri o qədər dərindir ki, insan o millətçilik ideyalarını, azərbaycançılıq məfkurəsini anlamaya bilməz. Lakin vaxtikən o qədər anlaşılmayıb ki, bir çox şeyə nə qədər gecikdiyimizi dərk etmək də ayrı bir targikomediyadır.
Qısacası, millətçilik ideyaları ilə zəngin bir əsər oxumaq istəyirsinizsə, ən gözəl seçimlərdən biri məhz "Anamın kitabı" əsəridir.
Əsər mənim üçün 9/10.