O, tərpənmirdi, lakin hələ hiss edirdi. Birinci olaraq yüyürüb gələn Hacı Ağa ağır xəncərini Hacı Muradın başına endirdikdən sonra, ona elə gəldi ki, başını çəkiclə döyürlər, lakin bunu kimin etdiyini, nə üçün etdiyini anlaya bilmədi. Bu onun idrakının son işartısı, şüurunun bədəndə olan axırıncı əlaqəsi idi. Bundan sonra o artıq heç bir şey hiss etmirdi. Düşmənləri isə Hacı Muradla heç bir əlaqəsi olmayan cəsədi ayaqları altında tapdalayır, xəncərlə doğram-doğram edirdilər. Hacı Ağa ayağını cəsədin üstünə qoyub, iki zərbə ilə başı bədəndən ayırdı və məstini batırmamağa çalışaraq, başı ehtiyatla kənara yuvarlatdı. Boynundan al qan, başdan isə qara qan fışqıraraq, yaşıl otların üstünə axdı.”
Qan bədəndə dayanandan bir gün sonra bədənin bəzi üzvləri çürüməyə başlayır, ancaq başın tükü və dırnaq ölümdən bir müddət sonrayacan uzanmağa davam edir. Görəsən, hisslər və fikir də ürəyin dayanmasından sonra öz varlıqlarını itirirmi, yoxsa kiçik damarlarda qalan qanlarla məchur bir həyata davam edir?
-Ölüm necə bir şeydir, görəsən? Bəlkə də qorxulu deyil.
-Ölüm heç də qorxulu deyil.
-Qorxulu deyil? Bəs indi mən sənin başını üzsəm, bu sənin üçün qorxulu olmayacaq?
-Xeyr, mənim qorxum yalnız ölümün bilinməzliyinə olan qorxu olacaq. Bu hamıda belədir. Ölüm anı çatanda isə, nə qorxu, nə də həyəcan ola bilər. Bunlar bədənimizdə baş verən təlatümlərdir. Ölümün ələ keçirdiyi bədəndə isə nə qorxu, nə sevinc işartısı ola bilməz.