Sevil pyesi barədə orta məktəbdən bəri məlumatım olsa da, oxumaq heç ağlıma gəlməmişdi. Çox rahat, sadə dildə yazılmış əsərdir. Qadın azadlığı haqqında yazılmış bu əsərdə sovet dövrünün ideologiyasının təsiri kitabda hiss edilsə də, əsərin əsas məğzi hələ də öz aktuallığını itirməmişdir.
21-ci əsr də yaşasaq da hələ də bir çox ailələr də qadın azadlığı deyə bir şey yoxdur. Əslində hər bir qadının həyatı mübarizədir. Doğulduğu mühit, onu əhatə edən cəmiyyətdən asılı olaraq hər bir qadın fərqli şəkildə də olsa, mübarizə aparır. Kimi yaşamaq, kimi yaşatmaq, kimi təhsil almaq, kimi təhsil vermək, kimi sevmək, kimi də sevilmək üçün çalışır.
Namus, qeyrət sözü işlədilən zaman ilk ağlımıza qadın gəlir. Məgər namus tək qadındamı olmalıdır?
Sevil kitabında yazıldığı kimi:"Azərbaycan qadınlarının və bütün qadınların ən böyük düşmənlərindən biri də namus keşikçisi olmalarıdır. Kişi istədiyini və bir neçəsini birdən əldə edə bilər, qadın isə ikincisinə göz ucuyla belə baxa bilməz. Bu, kişi üçün bir nadinclik, qadın üçün isə bir namussuzluq sayıla bilər. Halbuki hər ikisinin təşəbbüsünü doğuran eyni fizioloji hadisədir."(səh.45)
"Qadının qəti azadlığı üçün, yalnız çadrasını açması bəs deyildir. Halbuki Avropa qadınları çadrasız ikən, azad deyildirlər. Qadına, ən başlıca, iqtisadi azadlıq lazımdır".
Qadınlara təhsil vermək, onlardan savadlı bir fərd yaratmaq lazımdır.
Tağıyev demişkən:"Bir kişiyə təhsil verməklə savadlı bir insan qazanarsınız. Bir qadına təhsil verməklə isə savadlı bir ailə və cəmiyyət".
Qadın başlanğıcdır! Sevginin, gözəlliyin, xoşbətliyin başlanğıcı. Həyatın başlanğıcı! Bu da o deməkdir ki, qadın azad, savadlı və xoşbəxt olarsa, dünya daha da gözəlləşər.
'Qadın gülərsə şu issız mühitimiz güləcək,
Sürüklənən bəşəriyyət qadınla yüksələcək!' (H.Cavid)