Dünən dərin bildiyin, bu gün dayaz görünür,
Yazdığın yazılarda nə qış, nə yaz görünür.
Zəiflər bolluğunda yaxşılar az görünür,
Dünyanın yaxşı şeiri hər gün yazılan deyil!
Oğulsan, axarına, zərbəsinə qarşı dur,
O, zülmə, ədavətə, xəyanətə qarşıdır.
Məmməd Akif Ərsoyun sərt “İstiqlal marşı”dır,
Dünyanın yaxşı şeiri hər gün yazılan deyil!
Doğulan çox olsa da, neyləsin doğan ana,
Hər gün dünyaya gəlmir nə Yunus, nə Mövlana.
Dahilik zərrə-zərrə hopur iliyə, qana,
Dünyanın yaxşı şeiri hər gün yazılan deyil!
Qəlb incələ-incələ iynəyə sap olsa da,
Can quruya-quruya quruyub çöp olsa da,
Qalaq-qalaq yazılar yığılıb çap olsa da,
Dünyanın yaxşı şeiri hər gün yazılan deyil!
Kökü qədimdən qədim, Adəmdən, Nuhdan gəlir,
Qarışıb qandan keçir, süzülüb ruhdan gəlir.
Ruh da, qan da, nəfəs də qadir Allahdan gəlir,
Dünyanın yaxşı şeiri hər gün yazılan deyil!