Bu kitabı 4-5 ildir ki, oxuyacağım kitablar siyahısında saxlayırdım. Bütün bu müddət ərzində sakitcə oxunmasını gözləyib. Nəhayət ki, oxudum və çox bəyəndim. Lakin peşman deyiləm ki, niyə bu qədər vaxtdır gözlədirəm bu əsəri. Məncə, elə o vaxt yox, indi oxumağım daha yaxşı oldu. Əks halda, sırf əsərdəki sevgi münasibətinə fokuslanıb sadəcə bir sevgi romanı kimi oxuyardım əsəri. İndi isə əsərlə bağlı çox şeylər hiss etdim. Bu hisslərimi daha çox şəxsi hesab etdiyimdən danışmayacam. Qəribəsi o idi ki, adətən görməyə öyrəşmişik ki, fərqli ölkələrin həyat tərzi, ordakı sosial şərait də fərqli olur. Amma bu əsərdə o fərqliliyi hiss etmədim. Sanki dünyanın hər tərəfində insan xisləti eynidir, hara getsək də insan insandır. Dəyişən bir şey yoxdur. Əsəri oxuduğum müddətcə baş qəhrəmanımız Conla dərin və güclü bir empatiya qurmuşdum. Hələ birinci fəsildən artıq Conu öz içimdə hiss edirdim. Kitablar belədir, baş qəhrəmanın hiss etdiklərini sən də duyursansa, o zaman kitabı çox sevirsən. Yəni, bir obrazın yaşadığı həyatı oxumursan, oxuduqca özün o həyatı yaşayırsan kimi hiss edirsən. Kitabın fəsillərini axıcı şəkildə oxudum, həm də çox təbii dillə yazılmışdı. Con ilə Savanna arasında olan o isti və həlim münasibət, onların arasındakı pak sevgi oxuduqca insanın ruhunu oxşayır. Dünyada necə də gözəl sevgilər varmış. Büllur kimi saf, dünyanın özündən belə böyük sevgilər... Əsl məhəbbət odur ki, öz xoşbəxtliyindən çox başqasının xoşbəxtliyini düşünəsən. Nəyin bahasına olur olsun! Seçim sənin üçün nə qədər ağrılı olsa da... Neyləmək olar, xoşbəxtliklərin ömrü qısa olur.
Conun fədakarlığı, qəlbinin böyüklüyü, təmiz və nəcib xarakteri adamı heyran edir. Hansımız onun vəziyyətində olsaq, onun etdiyi kimi edə bilərdik ki? Conu çox yaxşı başa düşürəm. O mənim ən çox sevdiyim qəhrəmanlardan