Hə, əzizim, sən demə, bu dünyada insandan istənilən yeganə şey özünün ən ali versiyasını yaratmaqmış. Kamil insan olun deyiləndə də hər hansı bir mücərrəd varlıq yox, bizə təqdim olunan şərtlər daxilində ola biləcəyimiz ən ali formamız nəzərdə tutulurmuş.
Məsələn, sevgilisini unutmaqla məşğul olan o şairə "Oğlum, insan yalnız unutmağa cəhd etməyəndə unuda bilər", - deyir anası. Sarsılır şair:
Ax, Nəstərən, indi mən səni unutmayım da mı heç?
Mən deyim, siz də razılaşın ki, davamlı və əlçatar olanda adiləşir ən gözəl nemətlər də, günəş də, hava da, məsələn su da, məsələn çay da, çörək də. Şair demişdi axı, bəzən adam o qədər ağlayar ki, göz yaşları da düşər gözündən.