"Ləpirçi: Mən yeməli deyiləm" əsəri Rövşən Abdullaoğlunun qələmindən oxuduğum ilk kitab oldu. Kitabın ideya mərkəzində dayanan "insan olmaq nədir?" sualı, əslində bioloji bir varlıqdan mənəvi bir şəxsiyyətə keçid prosesinin nə dərəcədə sancılı olduğunu göstərir. Müəllif bizə xatırladır ki, insanı heyvandan fərqləndirən əsas amil sadəcə dik gəzməsi və ya mürəkkəb alətlər düzəltməsi deyil, onun öz instinktləri üzərində hakimiyyət qura bilmək qabiliyyətidir. Bir aslan ac qaldıqda ovuna qarşı amansız olması onun təbiətinin gərəyidir və burada heç bir "qəddarlıq" axtarmaq olmaz, çünki o, sadəcə sağ qalmaq instinkti ilə hərəkət edir. Aslanın heyrətamiz bir mizanı var. O, yalnız doyacaq qədər ovlayır, qarnı toxdursa, yanından keçən ceyrana belə toxunmur. Heyvanlar aləmində qətl ehtiyacla məhdudlaşır, lakin insan şüuru bu nöqtədə ən böyük sınağı ilə üzləşir. İnsan acgözlük edir, ehtiyacından qat-qat artığını mənimsəyir, yığır və talayır. Heyvanlar qarınlarını doydurduğu halda, insan gözünü doydura bilmir. Şüur sayəsində seçim etmək iqtidarında olan insan, ya öz içindəki yırtıcını cilovlayıb aliliyə yüksələ bilər, ya da zəkasını bu doyumsuz acgözlüyün və qəddarlığın xidmətinə verib təbiətdəki ən təhlükəli varlığa çevrilə bilər.
Təbiətdə ən ağıllı varlıq olmağımız bizə hər şeyi etmək haqqı verirmi? Rövşən Abdullaoğlu bu sualla bizim "antroposentrik", yəni insan mərkəzli təkəbbürümüzü darmadağın edir. Biz zəkamızı çox vaxt hökmranlıq vasitəsi kimi istifadə edirik, halbuki şüurun əsl məqsədi məsuliyyət daşımaqdır. Ən güclü olmaq hər şeyi məhv etmək icazəsi vermir, əksinə, zəif olanı qorumaq öhdəliyini verir. Əgər bir insan öz şüurunu sadəcə digərlərini istismar etmək və ya təbiəti talamaq üçün istifadə edirsə, o, əslində heyvandan daha aşağı bir pilləyə enmiş olur. Çünki heyvanın