Kitabı oxuyub bitirdim, çox bəyəndim və bu haqda fikirlərimi yazmaq istədim; çalışdım ki, bacardığım qədər qısa tutum. Prometheus filmində eşitdiyim "Cəhənnəmdə hökm sürmək, cənnətdə xidmət etməkdən yaxşıdır" sözü, məni Con Miltonun İtirilmiş Cənnət əsərinə aparan ilk addım oldu. Kitab oxumaq öncələri sıxıcı olsa da, daha sonra çox daha axıcı oldu. Əsəri bitirdiyimdə məni ən çox düşündürən mövzu, insan təbiətinin o böyük çıxmazı oldu: Məcburi bir bağlılıq, yoxsa azad iradə?
Əsərdə Şeytanın azad iradəyə yanaşması, sərhədləri öncədən çəkilmiş bir mükafat-cəza oyununa şərik olmaq deyil, o oyunun qaydalarını kökündən rədd etməkdir. Tanrı tərəfi, hər şeyin yaxşı qalması üçün mütləq bir nizamı və tabeçiliyi tələb edərkən; Şeytan, Cənnətin gətirdiyi o hazır rahatlıqdan imtina edir və başqasının yazdığı ssenaridə iradəsiz bir varlıq olmağı qəbul etmir. Bu baxımdan, kitabda təsvir olunan Şeytan obrazını Yevgeni Zamyatinin "Biz" əsərindəki I-330 xarakterinə çox bənzədirəm; hər ikisi mütləq və məcburi bir nizamın gətirdiyi "xoşbəxtlikdən" imtina edərək, fərdi azadlığın xaosunu seçən üsyankarlardır.
Adəm üzərindən qurulan azad iradə anlayışı isə tam bir ziddiyyətdir. Tanrı insana ağıl və məntiq verib onu seçimlərində sərbəst buraxdığını söyləyir; ancaq nəyin yaxşı, nəyin pis olduğuna öncədən yenə özü qərar verir. Əgər bir seçimin sonunda ağır cəzalar gözləyirsə, orada gerçək bir azadlıqdan bəhs etmək çətindir. Üstəlik, Başmələk Mikayılın Adəmə gələcəkdə nəslinin çəkəcəyi acıları göstərdiyi hissədə bu ədalətsizlik daha da dözülməz bir hal alır. Bir nəfərin səhvini hələ doğulmamış məsum nəsillərin ödəməsi hansı ədalət sisteminə uyğundur? Günahın irsi olduğu bir nizam quran güc gerçəkdən "ədalətli" sayıla bilərmi?
Miltonun bu əsəri tamamilə Xristianlığın "İlk Günah" (Original Sin)